Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü qeyd edilib
28.07.2026Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü qeyd olunub.
Hakimiyyet.info.az xəbər verir ki, əvvəlcə Azərbaycanın və Çinin Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, 1927-ci ildə yaradıldığı gündən etibarən Çin Xalq Azadlıq Ordusu ölkənin dövlət suverenliyinin, ərazi bütövlüyünün, təhlükəsizliyinin və inkişaf maraqlarının qorunması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirib, eyni zamanda, qlobal sülhün və sabitliyin möhkəmləndirilməsində mühüm rol oynayıb.
Səfir qeyd edib ki, Çin ordusu BMT-nin sülhməramlı əməliyyatlarında, beynəlxalq humanitar yardım və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması missiyalarında fəal iştirak edir, beynəlxalq hərbi mübadilə və əməkdaşlığı davamlı şəkildə genişləndirir.
Lu Mey vurğulayıb: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. İki ölkə başçısının strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətləri möhkəm inkişaf dinamikasını qoruyub saxlayır, müxtəlif sahələr üzrə əməkdaşlıq davamlı şəkildə irəliləyir və xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edir”.
Onun sözlərinə görə, hərbi əməkdaşlıq ikitərəfli strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir və Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri daha da dərinləşdirməyə hazırdır.
Səfir əlavə edib ki, Çin Azərbaycanla birlikdə iki ölkə rəhbərləri arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi, “Bir kəmər, bir yol” təşəbbüsü, süni intellekt sahəsində əməkdaşlıq, eləcə də regionda və dünyada sülhün və inkişafın təşviqi istiqamətində birgə fəaliyyətini davam etdirəcək.
Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun bildirib ki, Çin Xalq Azadlıq Ordusu ölkə tarixinin taleyüklü dövründə formalaşıb və ötən illər ərzində Çinin müstəqilliyinin möhkəmləndirilməsinə, milli inkişafına və davamlı sülhün təmin olunmasına mühüm töhfələr verib.
“Bu gün Çin Xalq Azadlıq Ordusu modernləşmənin yeni mərhələsinə qədəm qoyub və əsas missiyası ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaqla yanaşı, regional və qlobal sülhün möhkəmləndirilməsinə töhfə verməkdir”, – deyə Sun Çjun vurğulayıb.
O qeyd edib ki, son illərdə Çin ordusu dünyanın müxtəlif ölkələrinin silahlı qüvvələri ilə əməkdaşlığı genişləndirib, BMT-nin sülhməramlı əməliyyatlarında, dəniz quldurluğuna qarşı beynəlxalq missiyalarda, humanitar yardım və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması tədbirlərində fəal iştirak edib.
“Bu fəaliyyət Çinin digər ölkələrlə birlikdə ümumi təhlükəsizlik çağırışlarının həllinə töhfə vermək əzmini nümayiş etdirir”, – deyə hərbi attaşe bildirib.
Sun Çjun vurğulayıb ki, Çin ilə Azərbaycan arasında hərbi əməkdaşlıq yüksəksəviyyəli qarşılıqlı səfərlər, peşəkar dialoq və hərbi kadrların hazırlanması vasitəsilə ardıcıl inkişaf edir.
“Bu mübadilə qarşılıqlı anlaşmanı daha da möhkəmləndirib və gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradıb”, – deyə o əlavə edib.
Hərbi attaşe Azərbaycanın regional rolunu yüksək qiymətləndirərək bildirib: “Avropa ilə Asiyanın kəsişməsində yerləşən mühüm ölkə kimi Azərbaycan regional inkişaf və sabitliyə dəyərli töhfələr verir. Biz əməkdaşlığımızı daha da dərinləşdirmək, regionda və dünyada sülhə və rifaha yeni töhfələr vermək üçün Azərbaycanla birgə işləməyi səbirsizliklə gözləyirik”.











