Əraqçi: Ukrayna İran gəmisinə hücum nəticəsində dəymiş ziyanı ödəməlidir
28.07.2026Xarici işlər naziri Abbas Əraqçi Ukraynanı Xəzər dənizində İran ticarət gəmisinə endirilən zərbə nəticəsində dəymiş ziyanın ödənilməsinə çağırıb.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə İran XİN rəhbəri ukraynalı həmkarı Andriy Sibiqa ilə telefon danışığından sonra “X” sosial şəbəkəsində paylaşım edib.
Əraqçi bildirib ki, İran gərginliyin artmasında maraqlı deyil, lakin ölkə vətəndaşlarına və milli maraqlarına qarşı istənilən hücum qəbuledilməzdir. Onun sözlərinə görə, hadisə nəticəsində dəymiş zərər kompensasiya edilməlidir.
İran XİN rəhbəri əlavə edib ki, Andriy Sibiqa telefon danışığı zamanı İran gəmisinə zərbənin qəsdən endirilmədiyini və Kiyevin eskalasiyada maraqlı olmadığını bildirib.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukraynanın Xəzər dənizində, Rusiyanın ərazi sularında İran ticarət gəmisinin vurulduğunu, hadisə nəticəsində isə gəmi heyətinin bir üzvünün həlak olduğunu açıqlamışdı.










