Məhəmməd bin Salmanın Donald Trampa mesajı: Yaxın Şərq regionu daha geniş münaqişəyə cəlb olunmamalıdır
02.08.2026Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bazar günü ABŞ Prezidenti Donald Trampa bildirib ki, bölgənin daha geniş münaqişəyə sürüklənməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə rəsmi “Saudi Press” (SPA) agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, telefon danışığında vəliəhd gərginliyi azaltmaq üçün dialoqa üstünlük verməyin və müsbət nəticələrə səbəb olacaq diplomatik həll yollarının açılması üçün gərginliyin azaldılmasına nail olmaq məqsədilə bütün mümkün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.
O əlavə edib ki, bu cür səylər regionun təhlükəsizliyini və sabitliyini qorumaq, onun beynəlxalq təhlükəsizliyə və sabitliyə təsir edən daha geniş münaqişəyə cəlb olunmasının qarşısını almaq üçün zəruridir.
İki lider, həmçinin Səudiyyə Ərəbistanı ilə ABŞ arasında mövcud əməkdaşlıq sahələrini nəzərdən keçirib və ikitərəfli əlaqələri daha da gücləndirməyin yollarını müzakirə ediblər.
Telefon danışığı ABŞ ilə İran arasında təxminən iki həftədir davam edən hücumlardan sonra baş tutub. Tehran bir neçə ərəb ölkəsindəki ABŞ hərbi obyektlərini və avadanlıqlarını hədəf alıb.
SPA-nın xəbərindən əvvəl ABŞ-nin “Axios” portalı veb-saytı telefon danışığı əsnasında vəliəhdin Trampa İrana qarşı yeni genişmiqyaslı hücum planları barədə narahatlığını bildirdiyini yazıb.
Şənbə günü axşam Tramp İranın və digər Yaxın Şərq ölkələrinin sülh sazişinin çərçivəsini yekunlaşdırmaq üçün vaxt istəməsindən sonra planlaşdırılan hərbi hücumları ləğv etdiyini və İsrailin də öhdəliyə qoşulduğunu bildirmişdi.











