Memar: Elçin Əfəndiyevin şəxsiyyətini və yaradıcılıq dünyasını abidədə əks etdirməyə çalışdıq
03.08.2026Elçin Əfəndiyevin qəbirüstü memorial abidəsinin hazırlanması görkəmli Xalq rəssamı Natiq Əliyevə həvalə olunub. Bu məsuliyyətli işin həyata keçirilməsi üçün Natiq müəllimlə uzun müddət birgə çalışdıq. Elçin Əfəndiyevin yaradıcılığı, həyat yolu, keçdiyi mənalı ömür və zəngin ədəbi fəaliyyəti ilə bağlı geniş araşdırmalar apardıq, ətraflı məlumatlar topladıq.
Bunu AZƏRTAC-a açıqlamasında Elçin Əfəndiyevin qəbirüstü abidəsinin memarı Malik Babayev deyib.
Memar bildirib ki, abidənin hazırlanmasında əsas məqsəd böyük yazıçının şəxsiyyətini, həyat yolunu və yaradıcılıq dünyasını ən dolğun şəkildə ifadə etmək olub.
“Abidənin yaradılması prosesində çalışdıq ki, bütün imkanlarımızdan istifadə edərək Elçin Əfəndiyevin obrazını yüksək bədii səviyyədə əks etdirək. Eyni zamanda, abidənin yerləşdiyi məkanın xüsusiyyətlərini də nəzərə aldıq. Çünki burada Elçin Əfəndiyevlə yanaşı, onun atası, görkəmli yazıçı İlyas Əfəndiyevin də məzarı yerləşir. Bu baxımdan kompozisiyanın bütövlüyünün və məkan harmoniyasının qorunması bizim üçün mühüm əhəmiyyət daşıyırdı”, – deyə Malik Babayev qeyd edib.
O qeyd edib ki, bu gün – Elçin Əfəndiyevin anım günündə açılışı olan bu abidə Xalq yazıçısının zəngin yaradıcılıq irsinə, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə və böyük sənətkar şəxsiyyətinə ehtiramın ifadəsidir.











