Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır
07.08.2026AMEA Arxeologiya və Antropologiya İnstitutunun və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlər Tovuz rayonu ərazisində yerləşən 8 min il yaşı olan Göytəpə Neolit dövrü məskənində davam etdirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Manisa Celal Bayar Universitetinin tədqiqatçısı Şahin Menteşe və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, rəqəmsal memarlıq üzrə mütəxəssis Hilal Beydemir azərbaycanlı arxeoloqlara qazıntı sahəsinin və aşkar edilmiş tikinti qalıqlarının LİDAR texnologiyalı cihazlarla skan edilməsinin prosedurunu və üsullarını göstəriblər. Daha sonra azərbaycanlı arxeoloqlar həmin cihazlardan istifadə biliklərini nümayiş etdiriblər.
Tovuz rayonunda yerləşən Göytəpə Neolit yaşayış yerində arxeoloji tədqiqatlar yeni mərhələdə davam etdirilir. Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Valeh Ələkbərovun başçılığı ilə ekspedisiya ərazidə tədqiqatlara başlayıb.
Xatırladaq ki, abidədə Arxeologiya və Antropologiya İnstitutu tərəfindən sistemli araşdırmaların əsas mərhələsi 2008-2013-cü illəri əhatə edib. Əvvəlcə fransız, sonra isə yapon mütəxəssislərinin iştirakı ilə aparılan beynəlxalq tədqiqatlar zamanı 1000 kvadratmetr sahə açılıb öyrənilib. Terrasvari qazıntılar nəticəsində təpənin cənubundan şimalına doğru yaşayış yerində bir-birini əvəz edən 14 yaşayış və ya məskunlaşma mərhələsi müəyyənləşdirilib. Müxtəlif təbəqələrdən götürülmüş laboratoriya nümunələrin radiokarbon analizləri Göytəpənin xronologiyasının dəqiqləşdirilməsinə, yaşayışın davametmə müddətinin və memarlıq mərhələlərinin zaman ardıcıllığının elmi əsaslarla müəyyən olunmasına imkan verib.
Beynəlxalq tədqiqatlar başa çatdıqdan sonra qazıntılar 2019-cu ilədək, hazırda Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyevin rəhbərliyi altında yerli mütəxəssislər tərəfindən davam etdirilib. İngiltərənin Oksford şəhərindəki məşhur “Archaeopress” nəşriyyatı 2021-ci ildə Göytəpə qədim yaşayış yeri haqqında fundamental elmi monoqrafiyanı ingilis dilində nəşr edib. Fərhad Quliyev və Tokio Universitetinin (Yaponiya) tarixəqədərki arxeologiya üzrə professoru, həmin universitetin muzeyinin direktoru, Çiba Texnologiya İnstitutunun Geo-Kosmologiya İnstitutunun direktor müavini doktor Yoşihiro Nişiaki “Göytəpə: Azərbaycanda, Orta Kür hövzəsində Neolit dövrünün tədqiqatları” (Göytepe: Neolithic Excavations in the Middle Kura Valley, Azerbaijan) adlı əsərin həmmüəllifləridirlər.
Lakin sonrakı illərdə ərazidə tədqiqat işləri aparılmayıb və tətbiq edilmiş konservasiya mühafizə örtüyü öz yararlılıq müddətini bitirib. Yağıntılar, temperatur dəyişiklikləri, külək və yağıntının təsiri nəticəsində bəzi divarlar deformasiyaya uğrayıb.
2025-ci ildə Arxeologiya və Antropologiya İnstitutunun elmi əməkdaşı Fuad Hüseynov tərəfindən ərazidə geniş təmizlik və abadlaşdırma işləri aparılıb. Müdaxilələrdən sonra əvvəlki qazıntıların koordinat sisteminin kvadrat sərhədlərinin və memarlıq horizontlarının yenidən bərpasına ehtiyac yaranıb.
Hazırda Valeh Ələkbərovun rəhbəri olduğu ekspedisiya tərəfindən əvvəlki planlar, çertyojlar, fotoşəkillər və ölçü məlumatları sahədəki mövcud vəziyyətlə müqayisə edilir, qazıntının koordinat sistemi bərpa olunur və tikinti mərhələləri yenidən müəyyənləşdirilir. Aparılan işlərin əsas məqsədi əvvəlki və yeni tədqiqatları vahid elmi sistemdə birləşdirmək, abidənin stratiqrafik ardıcıllığını dəqiqləşdirmək və aşkar edilən memarlıq qalıqlarının gələcək mühafizəsi üçün etibarlı elmi əsas yaratmaqdır.












