Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

07.08.2026 Off By Füzuli İsmayılov

Avropa İttifaqı avqustun 7-də Rusiyanın Ukraynaya intensiv zərbələrinə cavab olaraq RF hərbi-sənaye kompleksini dəstəklədiyi iddia edilən beş şəxsə qarşı yeni sanksiyalar qəbul edib. 

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Aİ Şurası bildirib.

Aİ Şurası bildirib ki, siyahıya alınan beş şəxs müdafiə və hərbi texnologiya sektorlarında fəaliyyət göstərən Rusiya şirkətlərində, o cümlədən Ukraynadakı müharibədə RF silahlı qüvvələri tərəfindən istifadə edilən hərbi texnikanın hazırlanması, istehsalı və təchizatı ilə məşğul olan firmalarda yüksək vəzifələr tutur.

Qeyd olunub ki, sanksiyaya məruz qalanlar arasında Rusiyanın “İskəndər-M” ballistik raketində istifadə olunan sistemlər də daxil olmaqla dəqiq elektromexaniki komponentlərin istehsalı ilə məşğul olan “Serpuxov metallist zavodu” ASC-nin baş direktoru Ramil Badqutdinov da var.

Aİ, həmçinin RS-28 “Sarmat” raket sistemi də daxil olmaqla ballistik raketlərin istehsalı ilə məşğul olan “Krasnoyarsk Maşınqayırma Zavodu” ASC-nin baş direktoru Aleksandr Dyukarevi də siyahıya salıb.

Şura bildirib ki, sanksiyaya məruz qalan digər şəxslər arasında hərbi rabitə sistemlərinin istehsalında, həmçinin pilotsuz uçuş aparatları və kosmosla əlaqəli hərbi texnologiyalar üçün proqram təminatının hazırlanmasında iştirak edən Rusiya şirkətlərinin rəhbərləri də var.

Sanksiyalar rejimi altına düşən şəxslərin aktivləri dondurulur, onlara birbaşa və ya dolayı yolla vəsait və ya iqtisadi resursların verilməsi qadağandır. Bu şəxslər, həmçinin Aİ-yə üzv ölkələrə giriş və ya tranzit imkanlarının qarşısını alan səyahət qadağasına məruz qalırlar.

“Ukraynaya edilən hər yeni hücum Avropanın Rusiyaya qarşı sərt tədbirlər görməsinin daha bir səbəbidir. Ordusu döyüş meydanında irəliləyə bilməyən Moskva mülki şəxslərə qarşı terror kampaniyasını daha da gücləndirir. Aİ Moskva müharibəsinə son qoyulana qədər Rusiyaya təzyiqi artırmağa davam etməlidir”, -deyə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas “X” sosial media platformasında bildirib.

Share