Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb
07.08.2026Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanının nəticələri elan edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, avqustun 4-də keçirilmiş imtahanda iştirak etmək hüququ qazanan 827 abituriyentdən 189-u imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 543 nəfəri məqbul qiymət alıb.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 12-dən 19-dək aparılacaq.
Bu il ilk dəfə olaraq jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında inşa kompüter vasitəsilə elektron formada yazılıb. Bu yenilik abituriyentlərə mətnlərini daha səliqəli təqdim etmək, zərurət yarandıqda redaktələr aparmaq və ayrılmış vaxtdan daha səmərəli istifadə etmək imkanı yaradıb. Eyni zamanda, qiymətləndirmə prosesinin daha operativ təşkilinə və əl yazısının oxunması ilə bağlı çətinliklərin aradan qaldırılmasına şərait yaradıb.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər avqustun 10-u və 11-də saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi ilə DİM-in əsas inzibati binasına və ya Mərkəzin regional bölmələrinə müraciət edərək ərizə yaza bilərlər.











