Paytaxtın Babək prospektində obyektdə baş verən yanğın söndürülüb
11.08.2026Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1200 kvadratmetr olan üçmərtəbəli avtomobil salonu kimi fəaliyyət göstərən obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin ofis otağında baş vermiş yanğının genişlənməsinə, o cümlədən avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 15 kvadratmetr olan otağın yanar konstruksiyaları yanıb, salonda yerləşən “BMW” markalı minik avtomobilinin arxa bamperi və işığı deformasiya edib.
Obyektin böyük hissəsi və içərisində park edilmiş avtomobillər yanğından mühafizə olunub.











