Ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb
12.08.2026Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 12-də ölkənin bir sıra rayonlarında 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, Ağdaş Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 10:00-dan 13:00-dək şəhərin Cəfər Cabbarlı, Molla Pənah Vaqif, Su-18, Muxtar Əfəndizadə, İmadəddin Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Həmçinin 35/10 kV-luq “Pirəzə” yarımstansiyasında transformatorun yenisi ilə əvəz olunması ilə əlaqədar saat 10:00-dan 17:00-dək Ağzıbir, Xınaxlı, Kotavan, Qaraoğlan, Pirəzə kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Göyçay EŞ-yə daxil olan şəhər ərazisində saat 10:00-dan 15:00-dək Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrinin bəzi yerlərində enerjinin verilişi dayandırılacaq.
Planlı fasilə saat 10:00-dan 14:00-dək Tərtərin Sarıcalı və Gülabadlı kəndlərini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.











