Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

12.08.2026 Off By Füzuli İsmayılov

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olan BDU məzunlarının bir qrupu ilə görüşüb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Görüşdə rektor Elçin Babayev qeyd edib ki, Dövlət Proqramının qalibi olan gənclərimiz xarici ölkələrə yalnız təhsil almaq üçün deyil, həm də ölkəmizi ən yaxşı şəkildə təmsil etmək, uğurlu kadr potensialımızı inkişaf etdirmək üçün gedirlər: “Bu gün insan kapitalının inkişafına hər şeydən çox diqqət edən dövlətimiz Azərbaycan gəncinin, hər bir vətəndaşının inkişafı üçün belə böyük proqramlar icra edir. Bizlər isə bu siyasəti ən yaxşı şəkildə davam etdirmək üçün çalışırıq və məzunlarımızla fəxr edirik. Təkcə onu demək kifayət edir ki, son aylarda Azərbaycanın müxtəlif ölkələrdəki nümayəndəliklərinə, səfirliklərinə yeni təyin olunan səfirlər və diplomatik nümayəndələr, eyni zamanda, yüksək idarəçilik postlarına seçilən şəxslər BDU-nun məzunlarıdır. Bütün bunlar bizi daim sevindirir. İnanırıq ki, sizin aranızda gələcəyin uğurlu elm xadimləri, dövlət nümayəndələri yetişəcək”.

Dövlət Proqramının qalibi olan gənclərə daha çox çalışmağı, özlərini inkişaf etdirməyi tövsiyə edən BDU-nun rektoru məzunlara doğma universitetlərinin daim yanlarında olduğunu xatırladıb: “Bizdə artıq Məzunlar Cəmiyyəti fəaliyyət göstərir. Siz də bura üzv olun, bir-birinizlə şəbəkələşin və hər zaman uğurlarınızla bizi sevindirin”.

Sonra çıxış edən məzunlar Dövlət Proqramının gənclər üçün böyük şans olduğunu vurğulayıb, hər bir uğurlarında BDU-nun məzunu olmaqları ilə fəxr edəcəklərini deyiblər.

Qeyd edək ki, BDU-nun 40 məzunu dünyanın nüfuzlu universitetlərində magistratura, 5 məzunu isə doktorantura səviyyəsində təhsilini davam etdirəcək. BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi isə bakalavriat səviyyəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində Dövlət Proqramı çərçivəsində təhsil alacaq.

Share