İsrailin Bar-İlan Universitetinin nümayəndə heyəti BDU-da

İsrailin Bar-İlan Universitetinin nümayəndə heyəti BDU-da

01.09.2026 Off By Füzuli İsmayılov

İsrail Dövlətinin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

BDU rektoru Elçin Babayev universitetin beynəlxalq əməkdaşlığında İsrailin ali təhsil müəssisələrinin xüsusi çəkiyə malik olduğunu qeyd edib. O bildirib ki, BDU İsrailin Yerusəlim İbrani Universiteti ilə magistratura səviyyəsi üzrə biotexnologiya ixtisasının bitki biotexnologiyası ixtisaslaşmasında, Holon Texnologiya İnstitutu ilə isə kompüter elmləri ixtisası üzrə bakalavr pilləsində ikili diplom proqramını uğurla icra edir. Rektor Bar-İlan Universiteti ilə də kompüter elmləri, yüksək texnologiyalar, nanofizika, biotibb və digər sahələr üzrə əməkdaşlıq platformalarının qurmaq imkanlarının olduğunu vurğulayıb.

Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevski təmsil etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib. Bildirib ki, Bar-İlan Universiteti materialşünaslıq, çip texnologiyaları, maşın öyrənilməsi, o cümlədən sosial və humanitar elmlər üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində doktorantura səviyyəsi üçün yüksək təqaüdlü proqramlar və çevik tədqiqat modelləri təklif edir. O, BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə iki universitet arasında akademik və elmi əməkdaşlıq, xüsusilə doktorantura səviyyəsində təhsil alan tələbələr üçün birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Share