ANAMA ilə NATO humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirir

ANAMA ilə NATO humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirir

01.09.2026 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov NATO-nun Silahlara Nəzarət, Tərksilah və Kütləvi Qırğın Silahlarının Yayılmasının Qarşısının Alınması bölməsinin rəhbəri xanım Eirini Lemos-Maniatinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə AZƏRTAC-a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə NATO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, bu istiqamətdə beynəlxalq tərəfdaşların dəstəyinin əhəmiyyəti, Sülh və Təhlükəsizlik naminə Elm (SPS) Proqramı çərçivəsində humanitar minatəmizləmənin innovativ metodlarının tətbiqinə dair həyata keçirilən layihənin gedişatı, həmçinin yeni nəsil yüksək texnologiyaların və innovativ metodların minatəmizləmə fəaliyyətinə tətbiqinə yönəlmiş bu proqram çərçivəsində Azərbaycanın digər cari və gələcək layihələrdə iştirakı barədə müzakirələr aparılıb.

Samir Poladov 2020-ci ilin noyabrından etibarən mina hadisələri nəticəsində 437 Azərbaycan vətəndaşının həlak olduğunu və ya xəsarət aldığını bildirib. O, minaların keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına ciddi maneə yaratdığını, bərpa və yenidənqurma işlərini ləngitdiyini, habelə mühüm humanitar, iqtisadi və ekoloji fəsadlara səbəb olduğunu vurğulayıb.

Bundan əlavə, S.Poladov NATO nümayəndə heyətinə ANAMA-nın həyata keçirdiyi əməliyyatlar, Göygöl Təlim Mərkəzinin fəaliyyəti, eləcə də humanitar minatəmizləmə sahəsində ANAMA-nın beynəlxalq tərəfdaşlıqları barədə məlumat verib.

Görüş Azərbaycan ilə NATO arasında humanitar minatəmizləmə sahəsində uzunmüddətli əməkdaşlığın növbəti göstəricisidir. Bu əməkdaşlıq mina və digər partlayıcı sursatların təmizlənməsi, humanitar minatəmizləmə fəaliyyətində yeni texnologiyaların tətbiqi və bir çox birgə layihələrin uğurla həyata keçirilməsini əhatə edir.

Share