Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

01.09.2026 Off By Füzuli İsmayılov

Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində Qana Respublikasının Prezidenti Con Dramani Mahama ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Qana arasında əlaqələrin mövcud vəziyyəti müzakirə edilib, münasibətlərimizin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan Qana ilə əlaqələrin inkişafında maraqlıdır və ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi üçün imkanlar mövcuddur.

Söhbət zamanı Azərbaycan ilə Qana arasında diplomatik münasibətlərin qurulmasına və beynəlxalq əməkdaşlığa toxunulub. Ölkələrimizin Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan və birgə fəaliyyətdən məmnunluq ifadə olunub. Bu baxımdan, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Milli Məclisin sədri Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə həyata keçirdiyi fəaliyyət, ölkəmizin irəli sürdüyü təşəbbüslər və əldə olunmuş mühüm nailiyyətlər barədə fikirlərini bölüşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətindən danışan Sahibə Qafarova bu platformanın üzv dövlətlərin parlamentləri arasında əlaqələrin inkişafında və qarşılıqlı təcrübə mübadiləsində mühüm rol oynadığını qeyd edib. Qana ilə də bu çərçivədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətli olduğu bildirilib.

Görüşdə parlamentlərarası əlaqələrin inkişafı məsələsinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, Azərbaycan və Qana parlamentləri arasında indiyədək qarşılıqlı səfərlərin həyata keçirilməməsi bu istiqamətdə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu göstərir. Qarşılıqlı səfərlərin təşkili, parlament nümayəndə heyətləri arasında təmasların artırılması və qanunvericilik sahəsində təcrübə mübadiləsinin aparılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı iqtisadi əlaqələrin genişləndirilməsi məsələsinə də toxunulub. Bildirilib ki, mövcud ticarət dövriyyəsi iki ölkənin iqtisadi potensialını tam əks etdirmir. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, energetika, kənd təsərrüfatı və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanların araşdırılmasının vacibliyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığa dair Niyyət Protokolu layihəsinin münasibətlərin bu istiqamətdə inkişafına töhfə verə biləcəyi qeyd olunub.

Qana Respublikasının Prezidenti Con Dramani Mahama bildirib ki, ölkəsi Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. O, parlamentlərarası əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfərlərin və müxtəlif sahələrdə əməkdaşlığın artırılmasının ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini qeyd edib.

Fikir mübadiləsi zamanı təhsil və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyətinə də toxunulub. Qanalı tələbələrin Azərbaycanın təqaüd proqramlarından yararlanması, habelə qanalı diplomatların ADA Universitetində keçirilən təlim və kurslarda iştirakı iki ölkə arasında humanitar əlaqələrin müsbət nümunələri kimi qeyd edilib. Bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Share