Gənclər və İdman nazirinin nöqteyi-nəzəri

Gənclər və İdman nazirinin nöqteyi-nəzəri

01.09.2026 Off By Füzuli İsmayılov

Əziz gənclər və idmançılar!

İnkişafın əsas şərtlərindən biri dəyişən dünyada əldə olunan təcrübəni düzgün qiymətləndirmək və onu gələcək imkanlara çevirməkdir. Müasir dövrdə bilik, bacarıq və təcrübə yalnız fərdi üstünlük deyil, həm də cəmiyyətin inkişaf potensialını müəyyən edən mühüm resursdur. Bu baxımdan hər bir beynəlxalq əməkdaşlıq, hər bir yarış, hər bir təlim və gənclər təşəbbüsü gələcəyə qoyulan sərmayədir.

Ötən ay keçirilən beynəlxalq görüşlər və tədbirlər bir daha göstərdi ki, gənclər və idman sahəsində davamlı inkişaf ölkəmizin beynəlxalq tərəfdaşlıqlarının genişlənməsi ilə sıx bağlıdır. Bakıda səfərdə olan Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti, İranın gənclər və idman naziri Əhməd Dünya Malinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşlər, iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə 2026-2028-ci illər üçün Fəaliyyət Planının imzalanması, eləcə də Avropa Voleybol Konfederasiyasının prezidenti Roko Sikiriçlə aparılan müzakirələr səmərəli oldu.

Beynəlxalq yarışlarda uğur qazanan idmançılarla, eləcə də nazirliyin dəstəyi ilə beynəlxalq müsabiqə və olimpiadalarda iştirak etmiş gənclərlə görüşlərimizdə onların təəssüratlarını dinlədik. Fərqli ölkələrdə və rəqabətli mühitlərdə qazanılan təcrübə gənclərin dünyagörüşünü genişləndirir, idmançıların isə peşəkar inkişafını yeni səviyyələrə ucaldır və inanıram ki, onlar bu təcrübədən maksimal yararlanacaqlar.

Avqust ayı ərzində Azərbaycan idmançıları əvvəlki ayların uğur ənənəsini davam etdiriblər. Hər bir medal və kubok arxasında idmançının əzmi, məşqçinin zəhməti, düzgün hazırlıq prosesi və yaradılmış imkanlar dayanır. Bakıda qadın voleybolçular arasında 34-cü Avropa çempionatının, Gəncədə 150 nəfərin, o cümlədən paralimpiya, deflimpiya və xüsusi olimpiya idmançılarının qatıldığı “Ganja Cup 2026” üzgüçülük yarışları təşkil edildi.

Mingəçevirdə isə artıq ənənəyə çevrilmiş “Kürü keçək?!” açıq suda üzmə yarışını keçirdik. Bu dəfə də müxtəlif yaş kateqoriyaları üzrə çox sayda qadın, kişi, yaşlı və uşaq Kürün bir sahilindən digərinə keçmək üçün Mingəçevirə gəlmişdilər. Artıq beşinci dəfə keçirdiyimiz və əhalinin maraqla qatıldığı yarış həm idmanın kütləviliyi, həm də sağlam həyat tərzinin təbliği baxımından əhəmiyyətlidir.

Gənclərlə iş istiqamətində də yeni təcrübələr tətbiq edilir və qazanılır. Diqqət mərkəzindən kənarda qalan yeni gənclər kateqoriyaları ilə işin təşkili böyük əhəmiyyət kəsb edir:  “AVAZ” Gənclərin Xor Düşərgəsi, “Həyat bacarıqları” inklüziv düşərgəsi, “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi, “Region Gənclərinin IV Liderlik Məktəbi”, “Viki Mingəçeviri sevir” beynəlxalq düşərgələri adi istirahət düşərgələri deyil – gənclərimizin müxtəlif istiqamətlərdə öz potensiallarını reallaşdırılması üçün yeni platformalardır. Şamaxıda “YayFest” çərçivəsində gənclərlə süni intellekt, kibertəhlükəsizlik, texnoloji mühəndislik və digər mövzularda keçirilən dialoqun məqsədi gənclər siyasətinin yeni mərhələsində gənclərin iştirakına şərait yaratmaqdır. Biz gənclər siyasətini və onun icrasını gənclər üçün və gənclərlə birlikdə aparırıq.  

Hər bir nəticənin arxasında qazanılan medalın, dostluğun, yeni yaranan ideyanın, eləcə də əzmkarlıq və istəyin izləri dayanır.


Fərid Qayıbov,
gənclər və idman naziri

Share