Şəhid qanı ilə yoğurulub Vətən olan torpağa, daşa niyə adımızı yazmaq zərurəti hiss edək ki?!

Şəhid qanı ilə yoğurulub Vətən olan torpağa, daşa niyə adımızı yazmaq zərurəti hiss edək ki?!

06.09.2026 Off By Füzuli İsmayılov

Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi, xalqımızın döyünən ürəyi Şuşanın qəlbində – Cıdır düzündə dayanmışam. İyirmi səkkiz il həsrət qaldığımız, Vətən savaşında oğullarımızın şanlı tarix yazdığı yerdə Qarabağ şikəstəsini qürurla dinləyirəm. Göz uzandıqca yamyaşıl meşəlik, dərin bir uçurum, sıldırım qayalar və onların köksünü yaran mərmi izlərinə tamaşa edirəm. Cıdır düzündə elə bir daş parçası yoxdur ki, üstündə mərmi izi olmasın. İgid oğullar bu daşlara şanlı tariximizi yazıb. Həmin daşlara yazılan, kimə aid olduğunu bilmədiyim adları oxuduqca bu torpaqda şəhadət şərbəti içən oğulları xatırlayıram. Adil, Elnur, Ruzi, Vüsal, Rüfət, Zülal, Ümid… Yox, bu ad onların heç birinin adına bənzəmir deyirəm. Hansısa turistə mənsubdur, zənnimcə.

Bura həmin yerdir – Azərbaycan əsgərinin çiynində şəhid yoldaşı dağ yuxarı döyüşə-döyüşə qalxdığı yer. Sanki dil açır şəhidlərin ruhu bu yerdə. O daşlarda, qayalarda əl izimiz, igidlik dastanımız yazılıb. “Şuşa yaşadıqca, bu Vətən var olduqca biz də var olacağıq”, – deyir. Bu gün Şuşada, Laçında bayrağımız dalğalanırsa, Xocalıda uşaqların gülüşü eşidilirsə, bu xalqımızın birliyi, dövlətimizin gücü sayəsindədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Vətən müharibəsi iştirakçısının həyat yoldaşı, “Naxçıvan Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Ramiyə Əkbərova söyləyib.

“İgid oğullarımızın qəhrəmanlığı ilə azad edilmiş hər qarış torpaq bizim ibadətgahımızdır. Şuşanın hər bucağı xalqımızın and yeridir. Havasına qarışan yad nəfəs, daşına toxunan yad əl, torpağına vaxtından əvvəl düşən yarpaq belə bizim qəlbimizi yaralayır. Şəhidlərin əl izini yaşadan o qayalara kim hansı haqla öz adını yazır? Demək çətindir…

Ömrümün 16 ilini cəbhə bölgəsində yerləşən kəndlərdə keçirmişəm. Orada yaşayan məcburi köçkünlərin həyat hekayələrini çox dinləmişəm. Şuşanın qayalarına yazılan adları, simvolik işarələri görəndə nədənsə həmin söhbətlərdən birini – Tapdıq babanın dediklərini xatırladım.

Uzun illər Şuşada yaşamış bu qoca tez-tez düşmənin fitnəliyindən, onların tarixi saxtalaşdırmaq üçün etdikləri əməllərdən danışardı. Şuşada binaların inşasında fəhləlik edən ermənilərin həmin binaların himinə xaç çəkib, divarların suvağının altına erməni dilində sözlər yazdığından danışardı.

İndi həyatda yoxdur Tapdıq baba. Ən böyük arzusu Şuşaya getmək idi. Heyif ki, ömrü vəfa etmədi. Yaşasa idi, Şuşanın şəhid qanına boyanmış o daşlarına bu torpaq üçün, bəlkə də, heç nə etməmiş, amma adını buraya yazmaq haqqı hiss edənləri o da qınayardı. Mən də qınayıram Şuşa deyə-deyə Şuşasız dünyadan köçən şuşalıların, oğlunun nəşini hələ də tapmayan şəhid analarının, gözünün nurunu, əlini, ayağını torpağa qurban verən oğulların adından. Ömrünün 22 ilini Vətənə qüsursuz xidmətə həsr edən, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində qazanılan zəfərdə payı olan, sağlamlığını hərbi xidmət zamanı itirən biz zabitin həyat yoldaşı kimi.

Axı bizim olan, hər daşı mən azərbaycanlıyam deyən, hər qarışı şəhid qanı ilə yoğrulub Vətən olan torpağa, daşa niyə adımızı yazmaq zərurəti hiss edək ki?!.

Tanrı bizi burada yaradıb axı. Biz bu torpağın əbədi sahibiyik axı. Vaxtilə adını bu qədim şəhərin tarixi binalarına yazıb onları erməniləşdirməyə çalışanlardan fərqimiz budur axı bizim.

Şəhidlərin qəhrəmanlıq dastanı ilə yazdığı bu tarixə başqa söz əlavə etməyə ehtiyac yoxdur. Buna heç mənəvi haqqımız da çatmır”, – deyə Ramiyə Əkbərova bildirib.

Share