Oğlum əsir düşməmək üçün canından keçdi, indi o qayalara ad yazmaq necə mümkün ola bilər?
06.09.2026Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinə ən böyük ehtiram onların uğrunda mübarizə apardığı torpaqları qorumaqdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli rayonu aşağı Yağlıvənd sakini şəhid Zamin Rüstəmovun atası Şəxavət Rüstəmov deyib. O, Şuşada qayaların və daşların üstünə müxtəlif adların həkk olunması ilə bağlı narahatlığını qeyd edib.
Zamin Rüstəmov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Zəngilan rayonunda Sığırd yüksəkliyinin azad olunması uğrunda döyüşdə bölüyü ilə birlikdə düşmən pusqusuna düşüb, yaralanmasına baxmayaraq son nəfəsinə qədər vuruşub və döyüş yoldaşlarının pusqudan çıxmasına şərait yaradaraq qəhrəmancasına şəhid olub.
Şəhid atası üçün bu gün həmin torpaqlara münasibət sadəcə turist davranışı məsələsi deyil. Onun fikrincə, övladının və digər şəhidlərin qanı bahasına azad edilən torpaqlara gələn insan ilk növbədə həmin torpağın tarixini və müqəddəsliyini düşünməlidir.
“Mənim oğlum və onun kimi neçə-neçə oğul o torpaqlara öz adını daşlara yazmaq üçün getməmişdi. Onlar Vətən üçün canlarından keçdilər. Bu gün kiminsə gəlib həmin qayaya öz adını yazması mənə çox ağır gəlir. O daşın üzərində bəlkə də bizim bilmədiyimiz bir tarixin izi var”, – deyə şəhid atası vurğulayıb.
Şəxavət Rüstəmovun fikrincə, şəhidlərin xatirəsini yaşatmaq istəyən insan bunu öz adını qayaya həkk etməklə deyil, həmin torpaqlara hörmət etməklə göstərməlidir.
“Oğlum Zəngilan döyüşlərində düşmənə əsir düşməmək üçün son ana qədər mübarizə apardı. Mən bir ata kimi düşünürəm: belə bir torpağa gələn insanın öz adını orada yazmağa necə əli gələr? O daşın, o qayaların hər biri bizim üçün adi daş deyil”, – deyə şəhid atası bildirib. O qeyd edib ki, Qarabağda, xüsusilə Şuşada qoyulan hər bir iz gələcək nəsillər üçün yaddaş nümunəsi ola bilər. Buna görə də qayaların, daşların üstünə yazılar yazmaqla onların görünüşünü dəyişdirmək yolverilməzdir.
“Şəhidlərin adını yaşatmaq üçün qayanın üstünü yazmağa ehtiyac yoxdur. Onların adı bizim ürəyimizdədir, dövlətimizin qurduğu xiyabanlarda, abidələrdə, memoriallarda yaşayır. Mən istəyərdim ki, övladımın şəhid olduğu torpağa gedən hər kəs orada özündən bir yazı yox, bir hörmət qoysun”, – deyə Şəxavət Rüstəmov əlavə edib. O, hesab edir ki, Şuşaya və Qarabağın digər ərazilərinə səfər edən hər bir insan bu torpaqların adi turizm məkanı olmadığını dərk etməlidir. Burada hər daşın, hər qayalığın öz tarixi var.
“Biz şəhidlərin xatirəsini qorumaq istəyiriksə, əvvəlcə onların uğrunda can verdiyi torpağı qorumalıyıq. Daşın üstünə ad yazmaq xatirə deyil. Əsl xatirə həmin daşa, həmin torpağa toxunmamaqdır”, – deyə şəhid atası bildirib.
Zamin Rüstəmovun timsalında minlərlə şəhidin həyat hekayəsi göstərir ki, Qarabağ torpağının hər qarışının arxasında böyük bir fədakarlıq dayanır. Bu səbəbdən həmin ərazilərə səfər edən hər kəsdən daha böyük həssaslıq və məsuliyyət tələb olunur.
Şəhidlərin xatirəsinə ən böyük ehtiram onların uğrunda can verdiyi torpaqları qorumaq, tarixdən qalan izləri olduğu kimi saxlamaq və gələcək nəsillərə çatdırmaqdır.











