Yəməndə son döyüşlər nəticəsində azı 46 minədək insan didərgin düşüb

Yəməndə son döyüşlər nəticəsində azı 46 minədək insan didərgin düşüb

11.09.2026 Off By Füzuli İsmayılov

Yəmənin cənub-qərbində husilərlə hökumət qüvvələri arasında baş verən son döyüşlər nəticəsində azı 46 min nəfər evini tərk etməyə məcbur olub.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Məlumata görə, adıçəkilən ərəb ölkəsində məcburi köçkünlərin sayı “hər saat” artır.

Döyüşlər əsasən ölkənin qərb sahilini və Taiz bölgələrini əhatə edir. Toqquşmalar nəticəsində sentyabrın 3-dən etibarən yüzlərlə insanın öldüyü bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatı təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən bölgədəki fəaliyyətlərini müvəqqəti dayandırıb.

Təşkilatın baş direktoru Emi Poup qeyd edib ki, münaqişə başlanandan bəri ailələr bir neçə dəfə evlərini tərk etməyə məcbur olublar. O, mülki vətəndaşların və humanitar sahədə çalışanların qorunmasına, eləcə də humanitar yardımların təhlükəsiz və maneəsiz çatdırılmasına imkan yaradılmasına çağırıb.

Qeyd olunub ki, əsas köç Ədən və Ləhc vilayətlərindən şimaldakı İb vilayətinə doğru qeydə alınıb. Maqbənə, əl-Məafir və Cəbəl Həbəşi rayonlarının bütün kəndləri boşalıb.

Share