VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib

VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib

22.09.2026 Off By Füzuli İsmayılov

Sentyabrın 22-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri Anar Bağırov kollegiyanın dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin sədri, Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasının sədr müavini Zübeydə Aksayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

VK-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Anar Bağırov Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq, dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin son illərdə daha da inkişaf etdiyini deyib. Sədr xalqlarımızı birləşdirən ortaq tarixi, mədəni və mənəvi dəyərlərin hüquq institutları arasında əlaqələrin inkişafına da mühüm təsir göstərdiyini qeyd edib. Anar Bağırov dövlət başçılarının həyata keçirdikləri ardıcıl siyasət nəticəsində iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bunun da vəkillik institutları arasında əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini bildirib.

Sədr son illərdə VK-da həyata keçirilən islahatlar, institusional inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verib, Azərbaycanda vəkillik institutunun inkişaf mərhələlərinə, kollegiyanın fəaliyyətinin müasir idarəetmə prinsipləri əsasında təşkilinə və maliyyə müstəqilliyinin təmin olunmasına toxunub.

Eyni zamanda, Anar Bağırov çıxışında Türk dünyasının ilk qadın hüquqşünası və vəkili olan Sürəyya Ağaoğlunun həyat və fəaliyyəti barədə də məlumat verib, onun hüquq peşəsində qadınların rolunun formalaşmasına verdiyi töhfələrdən danışıb.

O nəzərə çatdırıb ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində qadınların vəkillik peşəsinə marağı və vəkil korpusunda təmsilçiliyi əhəmiyyətli dərəcədə artıb. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə görülən işlər qadın vəkillərin peşəkar inkişafı, şəbəkələşməsi və qarşılaşdıqları gender əsaslı çətinliklərin aradan qaldırılması üçün yeni imkanlar yaradıb. Bu məqsədlə VK-nın Rəyasət Heyətinin müvafiq qərarı ilə Qadın Vəkillər Alyansı yaradılıb. Alyans qadın vəkillər arasında əməkdaşlıq və təcrübə mübadiləsinin gücləndirilməsinə, onların peşəkar inkişafının dəstəklənməsinə və vəkillik sahəsində fəal iştirakının təşviqinə xidmət göstərir.

Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin sədri, Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasının sədr müavini Zübeydə Aksay Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasının yaradıcılarından biri olmuş Sürəyya Ağaoğlunun təşkilatda gördüyü işlərdən danışıb, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və gələcək planları barədə məlumat verib. Həmçinin qadın vəkillərin beynəlxalq həmrəyliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb və Azərbaycan ilə Türkiyənin qadın vəkilləri arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.

Görüş çərçivəsində bildirilib ki, VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib. Bu münasibətlə federasiyanın sədri Manoela Gonçalves Silvanın videomüraciəti nümayiş etdirilib. O, çıxışında Alyansın Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olması üçün müraciətini böyük məmnuniyyətlə qarşıladığını söyləyib.

Sonda görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və xatirə hədiyyələri təqdim edilib.

Share