Azərbaycanla Sent-Vinsent və Qrenadin arasında siyasi məsləhətləşmələrə dair Protokol imzalanıb
24.09.2026Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Vinsent və Qrenadinin xarici işlər, xarici ticarət, xarici investisiyalar və diaspor məsələləri üzrə naziri Duayt Fits-Cerald Brambl ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tərəflər münasibətlərinin mövcud vəziyyəti və perspektivlərini müzakirə edərək, siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı təmas və səfərlərin artırılması, həmçinin ikitərəfli əlaqələrin institusional əsaslarının gücləndirilməsinin vacibliyini vurğulayıblar. BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığın və qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin əhəmiyyəti bir daha təsdiqlənib.
Aparılan səmərəli müzakirələrin davamı olaraq tərəflər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Sent-Vinsent və Qrenadinin Xarici İşlər, Xarici Ticarət, Xarici İnvestisiyalar və Diaspor Məsələləri Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Protokol”u imzalayıblar.
Bu mühüm protokol institusional əlaqələri əhəmiyyətli dərəcədə gücləndirəcək, müntəzəm diplomatik təmasları təşviq edəcək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı inkişaf etdirəcək.











