Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb
04.10.2026Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, tikilməkdə olan fərdi yaşayış evində beton plitələrin uçması nəticəsində dağıntı altında qalanların olduğu müəyyən edilib.
Xilasedicilər dağıntı altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alan vətəndaş – 1966-cı il təvəllüdlü Xəlil Şərif oğlu Mehdiyevi xüsusi xilasetmə vasitələrinin köməyi ilə sağ, digər vətəndaş – 1969-cu il təvəllüdlü Cəlil Şərif oğlu Mehdiyevin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.











