Yunanıstanda müəllim və tələbələrin kütləvi etiraz aksiyaları başlayıb

Yunanıstanda müəllim və tələbələrin kütləvi etiraz aksiyaları başlayıb

20.10.2026 Off By Füzuli İsmayılov

Yunanıstanda yaşayış xərclərinin artmasına, əməkhaqlarının aşağı olmasına və təhsil sistemindəki problemlərə qarşı müəllim və tələbələrin etiraz aksiyaları başlayıb.

Hakimiyyet.info.az xəbər verir ki, oktyabrın 20-dən başlayan etirazlar iki gün davam edəcək və ölkənin bir sıra iri şəhərlərini əhatə edəcək.

Afinanın mərkəzində tələbələrin iştirakı ilə ilk etiraz tədbirləri keçirilib. Paytaxtın Sintagma meydanında da genişmiqyaslı aksiya nəzərdə tutulub. Etirazçılar dövlət təhsilinin maliyyələşdirilməsinin artırılmasını, tələbələr üçün münasib yaşayış şəraitinin yaradılmasını və təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılmasını tələb edirlər.

Oktyabrın 21-də etirazların daha geniş miqyas alacağı gözlənilir. Yunanıstanın ibtidai sinif müəllimlərini təmsil edən DOE həmkarlar ittifaqı 24 saatlıq tətil elan edib. Aksiyaya orta məktəb müəllimlərinin OLME təşkilatı da dəstək verir. Müəllimlər əməkhaqlarının artırılmasını, vakant müəllim və yardımçı heyət vəzifələrinin doldurulmasını, məktəb binalarında təhlükəsizliyin təmin olunmasını və dövlət təhsilinə ayrılan vəsaitin artırılmasını tələb edirlər.

Etirazların Afina ilə yanaşı, Saloniki, Patra və Krit adasının müxtəlif şəhərlərində də keçirilməsi nəzərdə tutulur. Yunanıstan polisi kütləvi aksiyalarla əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.

Share