“Şərqi Azəri” platformasından 20 il ərzində 645 milyon bareldən çox neft hasil edilib

“Şərqi Azəri” platformasından 20 il ərzində 645 milyon bareldən çox neft hasil edilib

20.10.2026 Off By Füzuli İsmayılov

Sabah “Şərqi Azəri” platformasından ilk neft hasilatının 20 ili tamam olur. Bu, nəhəng “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsində əlamətdar hadisədir.

bp-dən AZƏRTAC-a bildirilib ki, “Şərqi Azəri”dən ilk hasilat 2006-cı il oktyabrın 21-də əldə olunub və bununla da AÇG-nin tammiqyaslı işlənməsinin ikinci fazası tamamlanıb. İlk neft əvvəlcədən qazılmış səkkiz öncə qazma quyusunun birincisindən hasil olunaraq yeni sualtı boru kəməri vasitəsilə 2006-cı il noyabrın 10-da Səngəçal terminalına çatmışdı.

Ötən 20 il ərzində “Şərqi Azəri” AÇG-nin uğurunda mühüm rol oynayıb. İndiyədək platformadan 645 milyon bareldən (87 milyon ton) çox neft hasil edilib və bununla da “Şərqi Azəri” 1997-ci ilin noyabrında hasilata başlamış AÇG yatağından 4,7 milyard barel ümumi neft hasilatına əhəmiyyətli töhfə verib.

“Şərqi Azəri” hazırda təhlükəsiz və etibarlı şəkildə öz fəaliyyətini davam etdirir. 2026-cı ilin üçüncü rübünün sonuna platformanın gündəlik orta hasilatı təxminən 46 min barel təşkil edib.

“Şərqi Azəri” obyektləri 48 quyu gövdəsi olan bir hasilat, qazma və yaşayış platformasından və qurudakı Səngəçal terminalına birləşmiş 30 düymlük sualtı boru kəmərindən, həmçinin bir sıra yataqarası boru xətləri və sistemlərindən ibarətdir.

Hazırda “Şərqi Azəri”də təxminən 170 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki meneceri azərbaycanlı mütəxəssislərdir.

İndiyədək platformadan ümumilikdə 39 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 36 quyudan 27-si hasilat, 8-i suvurma quyusu və biri isə şlamların yenidən laylara vurulması üçün quyudur.

“Şərqi Azəri” yetkin işlənmə mərhələsində olan AÇG yatağından maksimum neftvermənin təmin olunmasında innovasiya və texnologiyaların gücünü nümayiş etdirməkdə davam edir. Bu yaxınlarda platformadan təhvil verilmiş D18Z quyusunda təxminən 2000 metrdən çox açıq lülə hissəsi qazılıb ki, bunun 1500 metrdən çoxu hədəf məhsuldar layın daxilində qum hissəsindən keçib. D18Z quyusu indiyədək AÇG yatağında qazılmış quyular arasında ən geniş lay təmasına malikdir və yataqdan əlavə dəyərin üzə çıxarılmasında qabaqcıl seysmik görüntüləmə, qazma və tamamlama texnologiyalarının rolunu bir daha vurğulayır.

“Şərqi Azəri” dünya səviyyəli bir dəniz obyektidir. O bundan sonra da hələ uzun illər AÇG-nin uğurlu gələcəyinə dəyərli töhfələr verməklə Azərbaycanın neft sənayesinin aparıcılarından biri olacaq.

Share