Komandoların hazırlığına xüsusi diqqət yetirilir

Komandoların hazırlığına xüsusi diqqət yetirilir

01.02.2022 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Ordumuzda həyata keçirilən islahatlar çərçivəsində yeni yaradılan Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrində xidməti döyüş fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilir.
Komando hərbi hissələrində bütün obyektlər müasir tələblərə uyğun inşa edilib, lazımi avadanlıq və inventarlarla təchiz olunub. Burada xidməti-döyüş fəaliyyətlərinin keyfiyyətli təşkili və asudə vaxtın səmərəli keçirilməsi üçün müvafiq şərait yaradılıb.
Yaradılan şərait döyüş hazırlığı planına əsasən komandolarla yüksək səviyyədə intensiv təlim-məşqlərin keçirilməsinə imkan verir.
Vətən Müharibəsində əldə edilmiş təcrübələr nəzərə alınmaqla, türkiyəli peşakar zabitlərin iştirakı ilə komandoların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və praktiki vərdişlərinin  təkmilləşdirilməsi təmin edilir.
Real döyüş şəraitinə maksimum uyğunlaşdırılmış şərtlərlə keçirilən məşğələlərdə komandolar kəskin relyefli ərazilərdə hərbi helikopterlər və digər üsullarla yerdəyişmələr icra edirlər.
Təlimlər zamanı komandolar birbaşa təmas vəziyyətində maneələr zolağından keçid, dağlıq ərazilərdə döyüş aparma, müdafiənin dərinliyinə sızma,  eləcə də şərti düşmənin müvəqqəti yerləşdiyi sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən təxribat-diversiya qrupunu mühasirəyə alma, zərərsizləşdirmə tapşırıqlarını müvəffəqiyyətlə icra edirlər.

“HAKİMİYYƏT” qəzeti

Share