Azərbaycan Ədliyyəsi şərəfli inkişaf yolunu davam etdirməkdədir

Azərbaycan Ədliyyəsi şərəfli inkişaf yolunu davam etdirməkdədir

06.01.2023 Off By Füzuli İsmayılov

Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin  Azərbaycan Ədliyyəsinə böyük inam və etibarı bu sistemdə çalışan hər bir insanın çiyninə böyük məsuliyyət qoyub. Əsrdən çox zəngin və şərəfli inkişaf bir yol qət edən Ədliyyə Nazirliyinin ölkəmizin dövlətçilik tarixində xüsusi yeri vardır. 

Ədliyyə Nazirliyinin zəngin tarixi 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlanır. 

 Ədliyyə sistemi həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində Ulu Öndərin diqqətindən kənarda qalmamışdır. Ölkədə ədalətin bərqərar edilməsi üçün məhkəmə-hüquq islahatlarının bugünkü Azərbaycan üçün daha böyük önəm kəsb etdiyini bəyan edən Ümummilli Liderimiz tərəfindən bu islahatlar uğurla həyata keçirilmişdir. 

1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamız, qısa müddətdə məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaratmışdır. Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir. 

Prezidentimiz cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra isə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət almış, məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni nailiyyətlərə imza atmışdır. 

Regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, maddi-texniki bazasının və infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilmiş, Avropa İttifaqı ilə birgə həyata keçirilən “Ədliyyə sahəsində islahatlara dəstək” Proqramı çərçivəsində regional ədliyyə şöbələri üçün ən müasir tələblər səviyyəsində yeni inzibati binalar inşa olunaraq istifadəyə verilmişdir. 

Ədliyyə Akademiyasında hüquq klinikası, elektron kitabxana yaradılaraq fəaliyyətə başlamış, akademiyanın beynəlxalq əməkdaşlığı genişlənərək Avropanın tanınmış təhsil qurumları ilə əlaqələr qurulmuşdur. 

Cəmiyyətimizdə böyük rəğbətlə qarşılanan nazirlik tərəfindən islah yoluna düşmüş məhkumların sosial adaptasiyasına dair həyata keçirilən yeni qeyri-adi və korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayan bu təcrübənin tətbiqi məhkumların sosial reabilitasiyasına böyük imkan yaratmaqla həm də cəzaçəkmə müəssisələrində saxlanılan digər məhkumların səmərəli islah olunmasına, rejim qaydalarına düzgün əməl etmələrinə, davranışına öz müsbət həvəsləndirici təsirini göstərir və onları qanunazidd hərəkətlərdən çəkinməyə sövq edərək haqqa, ədalətə inamını daha da artırır. 

Hakimlərin peşəkarlığının artırılması, tədrisi də daim diqqət mərkəzindədir. Bu baxımdan mütərəqqi Avropa təcrübəsinin, xüsusilə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə böyük önəm verilir, hakimlərin tədris proqramlarına bu kimi aktual mövzular, habelə məhkəmə etikası, korrupsiya ilə mübarizə, milli qanunvericiliyin yenilikləri və s. daxil edilir, xaricə tədris səfərləri təşkil olunur. 

Dünya Bankının Azərbaycandakı ofisinin rəhbəri qurumun ekspertlərinin rəyinə görə, inşa olunan məhkəmə binalarının səviyyəsinin hətta Avropa standartlarını üstələdiyini, Azərbaycanın bu sahədə nailiyyətlərinin geniş təbliğ olunmasının əhəmiyyətini vurğulamışdır. 

Dünya Bankı ilə birgə layihənin müsbət nəticələri əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaratmış və ötən ay Bank və Azərbaycan Hökuməti arasında “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” adlı yeni daha iri həcmli layihə imzalanaraq onun implementasiyasına başlanılmışdır. Layihə çərçivəsində yeni məhkəmə və məhkəmə komplekslərinin tikintisi, qabaqcıl İKT-lərin geniş tətbiqi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının yüksəldilməsi, hüququn müxtəlif sahələri üzrə vətəndaşların məlumatlılığının artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 

Dövlət başçısının “Elektron məhkəmə” informasiya sisteminin yaradılması barədə imzaladığı Sərəncam məhkəmə islahatlarında yeni mərhələnin başlanğıcını qoymuş və məhkəmə sistemində inqilabi dəyişlik kimi qiymətləndirilmişdir. Bu, çox uzun sürən və mürəkkəb proses olsa da, bu sahədə artıq xeyli işlər görülmüşdür. Görülən məqsədyönlü işlər ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına, keyfiyyətli xidmətlərin göstərilməsinə öz müsbət təsirini göstərmiş, nəticədə cəmiyyətdə məhkəmələrə inam artmışdır. Bu, həmçinin məhkəmələrdə baxılan işlərin sayının artmasında özünü göstərir. Bununla əlaqədar hakimlərin sayının iki dəfə artırılması iş yükünün xeyli azalmasına və keyfiyyətə müsbət təsir göstərmişdir.  

Ədliyyə Nazirliyinin İcra baş idarəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi mərkəzi aparatının müstəqil struktur qurumudur. Baş idarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsini, «İcra məmurları haqqında», «İcra haqqında», «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə»ni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş «İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası»nı, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra – Nazirlik) kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur. 

Ədliyyə strukturlarında həyata keçirilən islahatlardan bəhs edərkən, kadr seçimindəki şəffaflığı da xüsusi qeyd etmək lazımdır. Kadrlarla aparılan işin mühüm hissəsi kimi işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi, onların tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi üçün keçirilən attestasiyalar ədliyyə əməkdaşlarının məsuliyyətinin artırımasında çox böyük rol oynayır. Nazirlik tərəfindən ədliyyə orqanlarında aparılan məqsədyönlü və mühüm islahatlar sırasında idarəçilikdə müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunmasına, əhaliyə yeni elektron xidmətlərin göstərilməsinə xüsusi önəm verilir. Azərbaycan Prezidentinin İKT sektorunun inkişafı çərçivəsində dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə dair fərmanına uyğun olaraq hazırda ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Məsələn, səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar xüsusi “Elektron notariat çantası” hazırlanıb. Elektron notariat informasiya sisteminə birbaşa çıxışı olan bu çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür. Bu gün yalnız Azərbaycanda mövcud olan elektron ədliyyə köşkləri barədə xüsusi danışmaq olar. Video-əlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verən belə köşklər artıq Heydər Əliyev adına Beynəlxalq Hava Limanında quraşdırılaraq istifadəyə verilib. Sərhəd-keçid məntəqələrində, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılması nəzərdə tutulan bu cür köşklər vasitəsilə təxirə salınmayan hallarda məsafədən notariat hərəkətləri aparmaq mümkün olacaq. Növbəti yenilik isə Azərbaycanın məhsulu olan mobil notariat qovluğudur. Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi reallaşdırılır. Bu sıradan olan yeniliklərdən “Vətəndaşlıq vəziyyəti aktları”, “Elektron notariat” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemlərini də göstərmək olar. Xeyli müddət əvvəl istifadəyə verilmiş notariat kontorlarının ofislərini vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sistemi notariat hərəkətlərinin rəsmiləşdirilməsini xeyli sadələşdirmişdir. Bütün bunlarla yanaşı, ötən müddət ərzində Ədliyyə Nazirliyi ölkə vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, habelə vətəndaşlığı olmayan şəxslər barəsində dövlət informasiya ehtiyatının formalaşdırılması məqsədi ilə Əhalinin Dövlət Reyestrini tam formalaşdırmışdır. BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilmiş layihə çərçivəsində “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılmış və 75 il ərzində vətəndaşlıq vəziyyətini müəyyən edən 17 milyondan çox akt qeydi 6 il çəkən nəhəng iş sayəsində elektron formata keçirilmişdir.

Azərbaycan ədliyyəsinin əməkdaşları ölkədə insan hüquq və azadlıqlarının etibarlı təmin olunmasında, demokratik hüquqi dövlət quruculuğunun daha da mükəmməlləşməsi işində üzərlərinə düşən vəzifələri dərindən dərk edir və buna səfərbər olurlar. 

Ziya İsmayılzadə,

Sabunçu Rayon İra şöbəsinin rəis müavini 

Share