28 il 72 yaşında BDYP-nin rəisi postunu zəbt edən general niyə getmir?
06.01.2023Cəmiyyətin inkişafı insanlara müsbət təsiri ilə yanaşı müəyyən problemləri və arzuolunmaz nəticələri də özü ilə gətirir. Mühərrikli nəqliyyat vasitələrinin kəşfi bəşəriyyətin inkişafına misilsiz töhfələr versə də, özü ilə xoşagəlməz tendensiyalara da yol açmışdır. Nəqliyyatın sıxlığı artdıqca qəzaların da sayı artmaqdadır. Bunun qarşısının alınması, qəzaların sayının azalması üçün istər dövlət, istərsə də sosial qruplar tərəfindən maarifləndirici tədbirlər görülür, sosial proqramlar hazırlanır.
Azərbaycan Respublikasında sürətli sosial-iqtisadi inkişafın nəticəsidir ki, ölkədə avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına, yeni avtomobil yollarının salınmasına, nəqliyyat qovşaqlarının və körpülərin tikintisinə, müasir standartlara cavab verən yeraltı və yerüstü piyada kecidlərinin qurulmasına xüsusi diqqət ayırılır.
Bütün bunlara baxmayaraq, son zamanlar yol nəqliyyat hadisələrinin və bu hadisə zamanı həyat və sağlamlığına ciddi ziyan dəyənlərin, o cümlədən həyatını itirənlərin sayı xeyli artıb. Bu artım davam edir.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda yol–nəqliyyat hadisəsi yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarətləri almalarına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisə kimi müəyyənləşdirilir.
Qanun fiziki və hüquqi şəxslərə bir sıra hüquq və vəzifələr təyin edir. Hüquqi şəxslər yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etməli, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etməli, yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmalı, həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindən əmək və istirahət rejiminə əməl olunmasına nəzarət etməli, daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədə olan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etməlidirlər.
Yol hərəkətinin təhlükəsizliyi bir sıra başlıca prinsiplər və əsas istiqamətlərə uyğun olaraq həyata keçirilir. Belə ki, qanunda da göstərildiyi kimi, yol hərəkətində iştirak edən insanların həyatının və sağlamlığının təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən üstünlüyü başlıca prinsipdir.
Daha sonra yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyü, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin mənafelərinə əməl olunması, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətə məqsədyönlü və kompleks yanaşma da başlıca prinsipləri təşkil edir.
Dövlət Yol Polisinin əsas vəzifələri aşağıdakılardır:
- Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkili;
- DYP aparatlarının və hissələrinin fəaliyyətinə təşkilati – metodiki rəhbərliyin həyata keçirilməsi;
- Yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların işlənib hazırlanmasında iştirak edilməsi;
- Hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının iclasları üçün materialların hazırlanması, qəbul edilmiş qərarların yerinə yetirilməsi gedişinə səlahiyyətləri daxilində nəzarət edilməsi;
- Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin uçotunun aparılmasının təşkili;
- DYP hissələrinin texniki vasitələrlə təmin olunması, onların texniki cəhətdən saz saxlanılmasına nəzarət edilməsi;
- Yol hərəkəti qaydalarının pozulması barədə inzibati xətalar üzrə icraatın təşkili, inzibati tənbehlərin düzgün tətbiq edilməsinin təşkili və bu işə nəzarətin həyata keçirilməsi;
- Yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxılması;
- DYP hissələrinə xidmətlə bağlı əməli köməklik göstərilməsi həvalə olunmuş vəzifələrin icrasına nəzarətin təmin edilməsi;
- DYP əməkdaşları barədə daxil olmuş müraciətlərə baxılması, şikayətlərə səbəb olan neqativ halların qarşısının alınması üçün tədbirlər görülməsi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarı əsasında avtomobil yollarda yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasının təşkili;
- Nəqliyyat vasitələrinin axtarışı işinin təşkili və bu işdə digər xidmətlərlə qarşılıqlı əlaqələrin təmin edilməsi;
- Avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışının və qeydiyyatının keçirilməsinin, onlara dövlət nömrə nişanlarının verilməsinin, habelə yol hərəkəti qaydaları və sürücülük vəsiqələri üzrə imtahanların qəbul edilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin verilməsinin təşkil edilməsi;
- Yol hərəkətinin təhlükəsizliyi məsələləri üzrə elmi-tədqiqat işlərinin aparılmasında iştirak edilməsi;
- Nəqliyyat vasitələrinin müayinə olunması, onların texniki layihə sənədləri barədə rəylərin verilməsi işinin təşkili;
- Büdcə və büdcədənkənar vəsaitlər hesabına yol hərəkəti təhlükəsizliyinin təmin olunması tədbirlərinin müəyyənləşdirilməsi;
- Yol nişanlarının və göstəricilərin quraşdırılmasını, yol hərəkətini nizamlayan və ona nəzarət edən nəqliyyat və texniki vasitələrin, yol-nəqliyyat hadisələrinin nəticələrinin aradan qaldırılması üçün hadisə yerində tətbiq olunan qəza-xilasetmə avadanlığının, habelə yol hərəkətinin təhlükəsizliyini təmin edən digər texniki vasitələrin və cihazların, yol hərəkətinin təhlükəsizliyinin tətbiqinə xidmət edən təşviqat vasitələrinin, xüsusi məhsulların (sürücülük vəsiqələrinin blanklarının, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin, dövlət qeydiyyat nişanlarının və tanınma nişanlarının) sifarişinin və istehsalının təmin edilməsi.
Bəs son günlərin yol-nəqliyyat hadisələri, itirilmiş insan həyatları bu tələblərə cavab verən Dövlət Yol Polisinin əsas vəzifələrinin doğru-düzgün icrasından xəbər verirmi? Əsla yox. Çünki dövlət başçısı tərəfindən verilən tapşırıqlara vaxtında və düzgün əməl edilməməsi bir daha bu qurumun rəhbərliyinin yarıtmaz fəaliyyətindəın xəbər verir.

Əslində qəzetimizin bir neçə sayında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində cənab Prezidentin 2018-ci il Sərəncamı ilə 2019-2023-cü illər üçün geniş miqyaslı Dövlət Proqramının lazımi qaydada icra olunmaması, müvafiq orqanlar tərəfindən tədbirlərin vaxtında həyata keçirilməməsi, Nazirlər Kabinetinin nəzdində yaradılan müvafiq komissiyanın kortəbii və görünməz fəaliyyətinə yaxşı mənada təkan vermək məqsədilə Müstəqil Ekspert Qrupunun birgə işlədiyi təklif və qeydlərimiz dərc edilməklə getdikcə ağırlaşan yol nəqliyyat hadisələrinin, insan ölümlərinin , əsəbləri tarıma çəkən tıxacların qarşısının alınması niyyəti daşıyır. Bu hadisələrə görə cavabdehlər varmı, varsa kimlərdir? Lakin bəzi orqanların kütbeyin məmurları, vicdansız kabinetpərəstləri düşünmür ki, bu ağır faciələr bir gün onların özlərinin olmasa da, arvad-uşaqlarının, yaxınlarının qapısını döyə bilər. Bəs hansı profilaktik tədbirlərdən başlamaq lazımdır? Bu mövzuda yazan jurnalistləri və ya ekspertləri qorxutmaq, satın almaq ləkəli vicdanın ləkəsini xlor kimi apara bilməyəcək. Çünki bu kimi hərəkətlər ən azı dövlətin və dövlətçiliyin maraqlarına ziddir. Profilaktik tədbirlərin ən birincisi, vacibi 28 ilə yaxın Baş Dövlət Yol Polisi İdarəsinin rəisi postunu zəbt edərək öz bildiyi kim- əgər bu sahədə yüksək biliyə malikdirsə,-zəbt edən, rəngarəng general formasında reklamedici şəkillərdə özünü cəmiyyətə əvəzedilməz şəxs kimi sırıyan, Konstitusiyamıza, qanunlarımıza zidd olaraq müxtəlif vasitələrlə 72, 73 və daha nə qədər ömrü varsa, bu vəzifədə keçirmək istəyən Ramiz Zeynalovu yeni, məsuliyyətli, çalışqan bir kadrla əvəz etmək lazımdır. Sonra isə… Bu barədə əgər başımıza bir iş gəlməsə, avtomobil qəzasına, şeytanın şərinə tuş gəlməsək növbəti sayımızda açıqlayacağıq!
Füzuli Əfqanoğlu,
1994-cü ildə Mətbuat və İnformasiya Nazirliyində rəsmi qeydiyyata alınaraq, 173-saylı şəhadətnamə ilə fəaliyyət göstərən “HAKİMİYYƏT” qəzetinin Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994), “Qızıl Qələm” Media Mükafatının laureatı











