Yüksək bal toplayan abituriyent: “Başqaları gedib dostları ilə vaxt keçirəndə, mən dərs oxuyurdum…”

Yüksək bal toplayan abituriyent: “Başqaları gedib dostları ilə vaxt keçirəndə, mən dərs oxuyurdum…”

23.05.2023 Off By Füzuli İsmayılov

Bakının Yasamal rayonunda yerləşən 167 saylı orta məktəbin XI sinif şagirdi Riad Nazim oğlu Şahbazov 2022-2023-cü tədris ili üçün keçirilmiş buraxılış imtahanından ingilis dili üzrə 100 bal, rus dilindən 97,5, riyaziyyatdan 92,7, ümumilikdə isə 290,2 bal toplayaraq, ən yüksək nəticə göstərən şagirdlərdən biri olub.

Bu barədə R. Şahbazov Pravda.az-a verdiyi müsahibəsində imtahan nəticələri ilə bağlı təəssüratlarını bölüşüb.

2006-cı il təvəllüdlü Riad bildirib ki, imtahan onun üçün o qədər də çətin olmayıb: “Birinci sinifdən dərslərimi yaxşı oxuyuram. Bir dəfə də 4 almamışam, qiymətlərimin hamısı 5-dir. Attestatımda da qiymətlərim 5-dir. 9-cu sinifdə də belə idi, 10-cu, 11-ci siniflərdə də. 9-cu sinifdə ingilis dili imtahanına hazırlaşmağa başladım. SAT imtahanından 1600 baldan 1480 topladım. Dünya üzrə 1%-dən aşağı insan bu balı toplaya bilir. Məndə həmin vaxtlardan nə qorxu hissi, nə də həyəcan olmayıb. Çünki hazırlıqlı insan həmişə özünə güvənərək imtahana girir. TOEFL imtahanından da 120 baldan 98 bal toplamışdım. 11-ci sinifdə dövlət imtahanlarına il boyu hazırlaşdım, üzərimdə işlədim. Başqaları gedib dostları ilə vaxt keçirəndə, faydasız, mənasız işlərlə məşğul olanda mən oturub dərs oxuyurdum. Oxudum, oxudum, oxudum… İmtahana girəndə isə heç bir qorxu hissi yox idi, çünki bilirdim ki, il boyu oxumuşam, əziyyət çəkmişəm. İnanırdım ki, çox oxumağım nəticə verəcək. İmtahandan yarım saat tez çıxdım. Əvvəlcədən bilirdim ki, yüksək bal topalayacağam. Nəticələr açıqlananda, sözün düzü, təəccüblənmədim. Bilirdim ki, yaxşı nəticə göstərəcəyəm. Ən vacib məsələ budur – həmişə özünüzə inanmalısınız. Başqalarının nə dediyinə fikir verməyin. Elə uşaqlar var ki, onlar valideynlərinin təzyiqi altında özlərini pis hiss edirlər. Başa düşmək lazımdır ki, biz özümüz üçün oxuyuruq. Mən həmişə imtahan üçün yox, nəsə öyrənmək üçün oxuyurdum. Dərsi əzbərləyərək yox, başa düşərək öyrənirdim. Rus dilindən 100 baldan 97,5 bal, Azərbaycan və ingilis dillərindən isə tam 100 bal topladım. Dillərlə bağlı heç bir problemim yox idi. Dil öyrənmək də əzbərçilik deyil, burda da ağıl işlətmək, başa düşmək lazımdır. Mənim üçün rahat idi, çünki xarici dildə çoxlu bədii ədəbiyyat, qəzet, jurnal, elmi yazılar oxumuşam, kinolara baxmışam. Buna görə də söz ehtiyatım çoxdur. Məktəbdə oxuyarkən beynəlxalq olimpiadalarda da iştirak etmişəm. Almaniya, Azərbaycan-rus olimpiadalarında yer qazanmışam”.

Riadın sözlərinə görə, hazırda o, bir neçə universitetdən qəbul alıb: “Universitetlərdən ən yaxşılarını seçdim. Doğrudur, ən yaxşı universitetlərdən mənə imtina cavabı verənlər də oldu. Bacardığım qədər hər şeyi etdim. İndi isə seçim qarşısında qalmışam ki,” Belçikaya, Amerikaya, yoxsa Türkiyəyə gedim? Dövlət təqaüd proqramına müraciət etmişəm, bunun üzərində çalışıram. İnanıram ki, Komissiya mənim nailiyyətlərimə, çalışqanlığıma baxıb məni maliyyələşdirəcək. Ən yaxşı məqam budur ki, xaricdə oxuyub Azərbaycana qayıdacağam və öyrəndiyim hər şeyi öz ölkəmdə tətbiq edəcəyəm. Fikrimcə, nəyisə yaxşılaşdırmaq, inkişaf etdirmək üçün gərək başqa nümunələrə baxaq. Məsələn, Avropa ölkələri, Amerika, Türkiyə… Hər ölkənin öz yaxşı xüsusiyətləri var. İnanıram ki, gedib o ölkələrdə oxusam, yaxşı xüsusiyyətləri götürüb gəlib Azərbaycanda-öz doğma Vətənimdə tətbiq edə biləcəyəm. Rus bölməsində oxumağıma baxmayaraq heç vaxt Azərbaycan dilində geri qalmamışam. Çünki Azərbaycan dili mənim doğma dilimdir. Həmişə bu fənni oxumuşam, heç vaxt “yola verməmişəm”. Elə uşaqlar var, rus bölməsində oxuyurlar, amma heç Azərbaycan dilində bir kəlmə söz deyə bilmirlər. Mən həmişə çalışmışam ki, öz Ana dilimi yaddan çıxarmayım. Ana dilini bilmirsənsə, özünü azərbaycanlı adlandırmalı deyilsən”.

Share