Milli dövlətçilik ənənələrinin qurulmasında Heydər Əliyevin fəaliyyəti müstəsna yer tutur

Milli dövlətçilik ənənələrinin qurulmasında Heydər Əliyevin fəaliyyəti müstəsna yer tutur

24.11.2023 Off By Füzuli İsmayılov

Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır.

Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki,  hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.

Təcrübə göstərir ki, tarixin olduqca vacib, həlledici məqamlarında ictimai-siyasi təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə nail olmadan qarşıda dayanmış ümummilli problemlərin həlli mümkün deyildir. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi gerçəklikdən qaynaqlandı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan bəzi siyasətbazların səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin, Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu. Belə bir həlledici zamanda cəmiyyətin sağlam qüvvələrinin diqqəti Naxçıvana yönəlmişdi. Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün zümrələrini əhatə edirdi. Xüsusilə ziyalılar Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu gözəl bilirdilər.

Ölkənin sosial-iqtisadi inkişafının təmin olunması ilə bağlı görülmüş ən əsas işlərdən biri və bu gün nəinki Azərbaycanda, eləcə də dünyada neft strategiyasının və siyasətinin formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanması olmuşdur.  İlk dəfə 8 ölkəni əhatə edən bu müqavilə növbəti illərdə 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açmışdır. Bağlanmış müqavilələr hesabına ölkənin neft sektoru sürətlə inkişaf etdirilmiş, ölkəyə daxil olan vəsaitlər hesabına qeyri-neft sektorunun inkişafına və əhalinin sosial problemlərinin həllinə nail olunmuşdur.

İqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədilə MDB məkanında ilk dəfə olaraq torpaq islahatı həyata keçirilmişdir.

Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırılması məqsədilə dövlət tərəfindən zəruri addımlar atılmışdır. Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl dövlət proqramları qəbul edilmiş, qanunvericilik bazası yaradılmışdır. İqtisadi sferada dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi məqsədilə ciddi tədbirlər görülmüş, bu sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmışdır.

1994-cü ildən başlayaraq iqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişaf mərhələsinin başlanmasına təkan vermişdir. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa səbəb olmuş, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratmışdır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan iqtisadi sahədə də dünya iqtisadiyyatına inteqrasiya etmiş, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilmiş, dünya miqyasında layiqli yerini tutmuşdur.

“Əsrin müqaviləsi” üzrə müvəffəqiyyətlə həyata keçirilmiş işlərdən sonra 1997-ci ilin noyabrında “Çıraq” yatağının ilk quyusundan, sonrakı illərdə “Mərkəzi Azəri” yatağından neft, “Şahdəniz” və “Günəşli” yataqlarından qaz hasil olunmuş, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəməri istismara verilmiş və ölkəmiz neftlə yanaşı, qazın da ixracatçısına çevrilmişdir. Bunlarla yanaşı, elektroenergetika sahəsinin də inkişafı ilə bağlı icra olunmuş nəhəng layihələr nəticəsində Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin etmiş, regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı tərəfdaşa çevrilmişdir.

Bu gün xalqımız Heydər Əliyev siyasətin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin alternativsiz siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rol və nüfuzunu artırır. Xalqımız bu siyasəti yüksək dəyərləndirir. Ölkəmizdə 11 aprel 2018-ci ildə keçirilən prezident seçkiləri dövlət-xalq birliyini, respublika əhalisinin böyük əksəriyyətinin Prezident İlham Əliyevə dərin inam və məhəbbət bəslədiyini bir daha təsdiq etdi. Xalqımız qətiyyətlə inanır və görür ki, ölkəmizin sürətli, hərtərəfli və dinamik inkişafı Heydər Əliyev siyasi kursu və bu kursu inamla irəli aparan Prezident İlham Əliyevin düşünülmüş və yaradıcı fəaliyyəti ilə bağlıdır. İqtidarla xalq arasında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib.  Bütün bu uğurların əldə olunmasında Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin də xüsusi payı var. Azərbaycanın Birinci xanımı milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirlər həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib.

Rauf İlqar oğlu Həsənov,

Sabunçu RİH Başçısının Pirşağı qəsəbə nümayəndəsi

Share