Bu seçkilər Prezident İlham Əliyevin xalqın siyasi dəstəyinə əminliyinin bariz göstəricisi kimi dəyərləndirilməlidir
26.01.2024Növbədənkənar seçkilərin keçirilməsi bütün sivil dünyada qəbul olunmuş siyasi təcrübədir. Növbəti seçkilər bəzi fövqəladə hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir.
Seçkilərin növbədənkənar keçirilməsi ölkə vətəndaşlarının öz siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəkləri anlamına gəlir. Digər tərəfdən isə, bu seçkilər Prezident İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi kimi dəyərləndirilməlidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm bütünlükdə Cənubi Qafqaz regionunda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar Prezident seçkiləri də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi.
Heç bir şübhə yoxdur ki, bu seçkilərdə də Azərbaycan xalqı uzun illərdən bəri həyata keçirdiyi çoxşaxəli fəaliyyəti, gərgin səyləri nəticəsində “Qarabağ Azərbaycandır!” şüarını yaradan və həyata keçirən ölkə rəhbərinin yanında olacaq, öz Prezidentinin xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində apardığı quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.
Afət Əsgərova,
Loğman Tibb Klinikasının baş həkimi











