“Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!”
26.01.2024Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan bir çox tarixi sınaqlarda mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, böyük inkişafa və uğurlara nail olub. Son 20 ildə isə Ulu Öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlar, onun ən böyük arzusunu da gerçəkləşdirmək imkanı yaratdı.
Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı düşməndən azad etdi. 30 ildən sonra müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin olundu. Qarabağın tacı sayılan Şuşanın işğaldan azad olunduğunu noyabrın 8-də ölkənin Ali Baş Komandanı İlham Əliyev təntənəli surətdə bəyan etdi: “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Azərbaycan üç il bundan əvvəl Vətən müharibəsinin gedişində savaş meydanında əldə etdiyi tarixi Qələbəsini sonradan siyasi müstəvidə də təsdiqlədi. Lakin bu gün biz görürük ki, Fransa timsalında bəzi Qərb dövlətləri hələ də ölkəmizin bu Zəfərini həzm edə bilmirlər. Məhz bu dövlətlərin ölkəmizə qarşı təxribatlarının qarşısının alınması baxımından da Azərbaycanın siyasi sisteminin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Təəssüflər olsun ki, öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən bəzi radikal siyasi qüvvələr gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirlər səsləndirməklə sadəcə düşmən dəyirmanına su tökürlər.
Növbədənkənar Prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti, xalqın rəhbərə inamı və dəstəyidir.
Ruslan İsfəndiyarov,
Laçın RİH başçısının ınzibati ərazi dairəsi üzrə icra nümayəndəsi











