Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
10.09.2026Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Ağstafa, Göygöl, Ağdam və Füzuli rayonlarında (işğaldan azad olunmuş ərazilər istisna olmaqla) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan tələbatın ödənilməsi, eləcə də tikili və hidrotexniki qurğuların inşa olunacağı layihələrlə əlaqədar olaraq tikinti altına düşən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı alan orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi müəyyən edilsin.
2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan rayonlarda torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 10 sentyabr 2026-cı il
№ 292











